Çin Wi-Fi və Bluetooth-dan istifadəni məhdudlaşdırmaq niyyətindədir
Çinin Kibertəhlükəsizlik Təşkilatı vətəndaşların qısa mənzilli internet şəbəkələrindən istifadəsini məhdudlaşdıran qanun layihəsini dərc edib. Bunlara Wi-Fi, Bluetooth, Air Drop və cihazlar arasında oxşar simsiz rabitə və fayl ötürmə texnologiyaları daxildir.
Qanun layihəsi xidmət təminatçılarından bu cür şəbəkələr vasitəsilə dövriyyədə olan məlumatlara nəzarət etmək və qeyri-qanuni məzmunun yayılmasının qarşısını almaq üçün sistemlər tətbiq etməyi tələb edir. İstifadəçilər “qeyri-qanuni məlumatların dərci və ya göndərilməsi üçün xidmətdən istifadə etməməli, tələb olunmayan məlumatların istehsalının, surətinin çıxarılmasının və ya yayılmasının qarşısını almaq üçün tədbirlər görməli və ona qarşı mübarizə aparmalıdırlar” və belə məlumat əldə etdikdə səlahiyyətli orqanlara müraciət etmələri tövsiyə olunur.
Bundan əlavə, qanun layihəsi cihazların şəbəkələrə avtomatik qoşulmasına qadağanın tətbiqini, eləcə də hər bir qoşulma zamanı cihaz sahiblərinin şəxsi məlumatlarının şəbəkə operatorlarına məcburi şəkildə verilməsini nəzərdə tutur.
Beləliklə, Çin hakimiyyəti həqiqətən simsiz internet şəbəkələri üzərində tam nəzarət qurmaq istəyir. Bu addım, vətəndaşların AirDrop və Bluetooth vasitəsilə öz aralarında video və məlumat paylaşdıqları koronavirus məhdudiyyətlərinə qarşı payızın kütləvi etirazlarına reaksiya idi.