Türk şirkətinə idarəetməyə verilən “Azərlotereya”nın mənfəəti artıb
Türk şirkətinə idarəetməyə veriləndən sonra “Azərlotereya” ASC-nin xalis mənfəətini 5,4 dəfə artıb. ENA.az xəbər verir ki, dövlət şirkətinin xalis mənfəəti 41 milyon 98,77 min manat olub.
Audit hesabatına görə, 2022-ci ildə “Azərlotereya”nın lotereya biletlərinin satışından gəlirləri 2021-ci illə müqayisədə 5,9 dəfə - 258 milyon 163,707 min manata qədər artıb.
Ötən il ərzində satışların maya dəyəri 5,9 dəfə artaraq 136 milyon 6,372 min manat təşkil edib.
Nəticədə, cəmiyyətin əməliyyat mənfəəti 3,3 dəfə artaraq 40 milyon 644,988 min manata çatıb.
2022-ci ildə şirkət 332,011 min manat (azalma 15,4 dəfə) mənfəət vergisi ödəyib. Həmçinin, hesabat ilində sadələşdirilmiş vergi üzrə ödənişlər 54 milyon 351,114 min manat (2021-ci ildə belə ödənişlər olmayıb) təşkil edib.
2022-ci ilin sonuna cəmiyyətin aktivləri 87 milyon 685,171 min manata çatıb, bu da 2021-ci ilin sonuna olan göstəricidən 2,8 dəfə çoxdur.
Şirkətin öhdəlikləri 3,2 dəfə artaraq 71 milyon 835,904 min manat təşkil edib.
2022-ci ildə “Azərlotereya”nın kapitalı 62,9% - 15 milyon 849,267 min manatadək artıb. Nizamnamə kapitalı dəyişməyərək 200 min manata bərabərdir. Bölüşdürülməmiş mənfəətin həcmi 1,6 dəfə artaraq 15 milyon 649,267 min manat təşkil edib.
“Azərlotereya” ASC Azərbaycan Prezidentinin 23 noyabr 2001-ci il tarixli fərmanı ilə yaradılıb. Şirkətin təsisçisi İqtisadiyyat Nazirliyidir. “Azərlotereya” ölkənin lotereya bazarında inhisarçıdır. İqtisadiyyat Nazirliyi və Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkəti 2021-ci il fevralın 27-də “Azərlotereya” ASC-nin “YMT Sans B.V.” şirkətinə (“Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti) müqavilə əsasında idarəetməyə verilməsi haqqında” saziş imzalayıb.