Azərbaycanda ikinci əl avtomobil ehtiyyat hissələri ucuzlaşacaq
İkinci əl avtomobil ehtiyyat hissələri ucuzlaşa bilər.
Bu barədə nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov “Xəzər Xəbər”ə danışıb. Onun fikrincə, buna səbəb avtomobillərin gözlənilən utilizasiyasıdır.
Ekspert bildirib ki, köhnə maşınların ölkəyə gətirilməsi məhdudiyyəti ilə bağlı qərardan sonra ikinci əl avtomobil bazarında qiymətlər təxminən 5 faiz yüksəlib:
“Utilizasiya proqramının həyata keçirilməsi yaxınlaşdıqca, ikinci əl avtomobillər üçün ehtiyat hissələrinin qiyməti kəskin enəcək. Çünki avtomobil parkı yenilənirsə, ikinci əl ehtiyat hissələrinə artıq ciddi ehtiyac qalmayacaq.”
Eldəniz Cəfərovun sözlərinə görə, ölkədə mövcud olan avtomobil sənayesinin təkmilləşdirilməsi prosesi də ehtiyat hissələri bazarına təsirsiz ötüşməyəcək.
Ekspert əlavə edib ki, maşınların utilizasiyası prosesi həyata keçiriləndə avtomobillərin qiymətində ciddi dəyişiklik olmayacaq.