Azərkosmos “Intelsat” şirkəti ilə kommersiya müqaviləsi imzalayıb
Azərkosmos və qlobal peyk operatoru “Intelsat” şirkəti arasında Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsinə dair kommersiya müqaviləsi imzalanıb.
ENA.az xəbər verir ki, müqaviləyə əsasən “Intelsat” şirkəti 17 ölkəsi və 430 milyondan çox əhalisi olan Qərbi Afrika regionunda “Azerspace-2” peykinin resurslarından istifadə etməklə müştərilərinə mobil şəbəkələrdə nəqletmə xidmətləri təqdim edəcək.
Belə ki, “Azerspace-2” peykinin imkanlarından istifadə edərək “Intelsat” şirkəti Afrika regionunda xidmət coğrafiyasını daha da genişləndirəcək. “Azerspace-2” peykinin əhatə dairəsi Afrikanın əlçatmaz ərazilərində belə mobil şəbəkə və telekommunikasiya xidmətləri üçün olduqca əlverişlidir.
Azərkosmosun sədr müavini Fuad Aslanov bildirib ki, peyk xidmətləri bazarında qlobal partnyorumuz olan “Intelsat” şirkəti ilə əməkdaşlığımız Afrikada mobil və data xidmətlər üzrə həyata keçirdiyimiz kommersiya layihələrində bizə geniş imkanlar açacaq.
“Intelsat”ın Biznesin inkişafı və şəbəkə tərəfdaşlıqları üzrə vitse-prezidenti Adam Troy qeyd edib ki, Azərkosmos Afrika regionunda yüksək keyfiyyətli peyk xidmətləri təmin edən “Intelsat”ın mühüm və üstünlük verilən tərəfdaşı olmaqda davam edir. “Biz Azərkosmos ilə “Azerspace-2” peykinin orbitə buraxıldığı ildən, 2018-ci ildən bəri əməkdaşlıq edirik. Afrikadakı müştərilərimizin ehtiyaclarına uyğun xidmət vermək üçün Azərkosmosa etibar edirik”, – deyə A.Troy bildirib.