Birja

Neft bahalaşır - QİYMƏT

Bugün neft qiymətləri bir qədər yüksəldi, treyderlər ABŞ-da hökumət borclarının limitinin artırılması ilə bağlı danışıqların gedişatını izləməyə davam edir.

ENA.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Respublikaçılar Palatasının spikeri Kevin Makkarti arasında bazar ertəsi aparılan danışıqlar hər iki tərəfin fikrincə məhsuldar olub, lakin heç bir razılıq əldə olunmayıb. Bu arada, milli borc tavanının artırılması üçün son tarix yaxınlaşır: Xəzinədarlıq katibi Janet Yellen bir gün əvvəl onun departamentinin vəsaitlərinin "yüksək ehtimalla" iyunun əvvəlində və bəlkə də hətta 1 iyunda tükənəcəyini söylədi.

ActivTrades-in baş analitiki Rikardo Evangelista, "Milli borc limitinin asılması neft treyderlərinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir", deyib.

“Məsələ yaxın vaxtlarda həll olunmasa, ABŞ Xəzinədarlığı vəsaitsiz qalacaq və öhdəliklərini yerinə yetirə bilməyəcək və bu ssenari miqyası gözlənilməz olan böhrana səbəb ola bilər”, - Market Watch bildirib.

Londonun ICE Futures birjasında çərşənbə axşamı saat 9:15-ə Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 76,13 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,14 dollar (0,18%) çoxdur.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin iyul ayı fyuçerslərinin qiyməti bu dəfə 0,16 dollar (0,22%) artaraq bir barelə görə 72,21 dollar təşkil edib. 

Bu ilin əvvəlindən neft qiymətləri karantin məhdudiyyətlərinin aradan qaldırılmasından sonra Çin iqtisadiyyatının gözləniləndən daha yavaş bərpası fonunda təxminən 10% ucuzlaşıb. Neft bazarının canlanmasına mane olan digər amillər Federal Ehtiyat Sisteminin pul siyasətini sərtləşdirməyə davam etməsi və Rusiya neft ixracının yüksək həcmlərinin davam etməsidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)