4 ayda Azərbaycan iqtisadiyyatına kapital qoyuluşu 21% artıb
2023-cü ilin yanvar-aprel aylarında əsas kapitala 4 milyard 580 milyon manat məbləğində vəsait yönəldilib. ENA.az xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,1% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 25,8%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5% artıb.
İstifadə olunmuş vəsaitin 2 milyard 620,2 milyon manatı və ya 57,2%-i məhsul istehsalı sahələrinə, 1 milyard 702,5 milyon manatı (37,2%-i) xidmət sahələrinə, 257,3 milyon manatı (5,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 236 milyon manatını və ya 27%-ni xarici investisiyalar, 3 milyard 344 milyon manatını və ya 73%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 252 milyon manatı və ya 71%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2022-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 5,5% artıb.