Heydər Əliyevin anadan olması 207 saylı məktəbdə qeyd olunub
XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ili respublikamızın bütün bölgələrində böyük həyəcan və sevinc hissi ilə qarşılanır. Nərimanov rayonu Səlhəddin Yolçuyev adına 207 saylı tam orta məktəb də "Heydər Əliyev İli" layihəsi çərçivəsində Ulu Öndərin 100 illiyinə həsr olunmuş "Olumdan ölümədək mübariz" adlı ədəbi bədii kompozisiya keçirilib.
Tədbir, məktəbin Azərbaycan dili (dövlət dili) müəllimi Amaliya Məmmədovanın Heydər Əliyevə həsr etdiyi eyniadlı əsərinin ssenarisi əsasında müəllifin özü tərəfindən hazırlanıb. Məktəbin direktoru Sədaqət Seyidova Heydər Əliyevin həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra isə məktəblilərin təqdimatında Ulu Öndərə həsr olunmuş bədii kompozisiya nümayiş olunub.
Tədbirdə millət vəkili, milli məclisin sədr müavini Adil Əliyev, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi,YAP nümayəndələri, Ağsaqqallar və Veteranlar Şuralarının nümayəndələri, Nərimanov rayonu İdman və Gənclər İdarəsinin rəisi Nəcəf Novruzov, məktəbin şəhid məzunu Səid Rəşidzadənin ailə üzvləri, məktəb direktorları, müəllimlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbir qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır. Sonda tədbirin təşkilatçısı Amaliya müəllim və istedadlı şagirdlər məktəb direktoru Sədaqət xanım tərəfindən Fəxri Fərmanla təltif olundular, xatirə şəkilləri çəkildi.