MALİYYƏ

Əmlak sığorta şəhadətnamələrinin yeni forması təsdiq edilib. Bəs, cərimə sistemi necə olacaq?

Tezliklə daşınmaz əmlakın sığortasında elektron şəhadətnamələr qüvvəyə minəcək. Yeni şəhadətnamə formaları artıq tənzimləyici tərəfindən təsdiq edilib.

ENA.az xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev yeni şəhadətnamə formaları əsasında həm fiziki şəxslər, həm də hüquqi şəxslər üçün daşınmaz əmlakın icbari sığortası elektron qaydada aparılacaq:

“Düşünürük ki, elektron şəhadətnamələrin buraxılması bu sahədə sığortalanmanı xeyli dərəcədə genişləndirəcək. Çünki sıorta şəhadətnamələrinin əldə edilməsi asanlaşacaq”.

Z.Əliyev bu istiqamətdə görülən digər işləri də açıqlayıb. Cərimələrin tətbiqinin necə həyata keçiriləcəyinə aydınlıq gətirib:

“Daşınmaz əmlakın icbari sığortasında qeyri-yaşayış sahələri ilə bağlı olan icbari əmlak sığortasına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Yaşayış sahələrinin sığortalanmasına nəzarəti isə yerli icra hakimiyyəti orqanları nəzarət edir. Qanunvericilik artıq bu orqanları icbari sığortalara nəzarət orqanı kimi müəyyən etdiyinə görə, protokolları da onlar müəyyən etməlidir. Cərimə sadə bir mexanizm deyil. Bunun üçün müvaviq addımlar atılır.  Həmin orqanlar tərəfindən əmlakların sığorta olunub-olunmamasını elektron qaydada müəyyən etmək üçün mövcud sistemlər arasında inteqrasiya həyata keçirilməlidir. Əmlakın qeydiyyatını həyata keçirən dövlət qurumu Əmlak Məsələləri Dövlət Xidmətidir.  Onların informasiya sistemi ilə İcbari Sığorta Bürosunun informasiya sistemləri arasında inteqrasiya prosesləri artıq başlayıb. Yaxın aylarda bitmək üzrədir. Bu ona imkan verəcək ki, artıq bütün daşınmaz əmlakın icbari sığorta şəhadətnamələri elektron buraxılsın. Bu inteqrasiya başa çatdıqdan sonra həmin sistemin nəzarətini həyata keçiriən dövlət orqanları arasında inteqrasiyası da yekunlaşacaq.  Bu da elektron qaydada sığortası olmayan daşınmaz əmlak mülkiyyətçilərinin müəyyən edilməsi və cərimələrin tətbiqi mexanizminə imkan verəcək”.

Daşınmaz əmlakın icbari sığortalanması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi layihəsi üzərində də iş aparılır. Z.Əliyev bununla bağlı  beynəlxalq təcrübənin öyrənildiyini, işçi qrupun bu istiqamətdə fəaliyyət göstərdiyini vurğulayıb:

“Biz bütün bu görülən tədbirlərə paralel olaraq  qanunvericiliyin təkmilləşməsi, daşınmaz əmlakın icbari sığortasının daha təkmil bir sığorta məhsulu kimi bazara çıxarılması üzərində işləyirik. Düşünürük ki, bundan sonra daşınmaz əmlak sığortası sahəsində penetrasiyasının bir neçə dəfə artmasının şahidi ola bilərik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)