Baş nazirdən taxılla bağlı - YENİ QƏRAR
Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilib.
ENA.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən Fonda taxılın tədarükü və Fondda taxılın yeniləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla Dövlət Sifarişçisinin qərarı, Fonddan taxılın istifadəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
Fondda saxlanılan taxılın saxlanma müddəti taxılın məhsul ilindən etibarən 24 aydan artıq ola bilməz. Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz saxlanmasını təmin etmək məqsədilə həmin məhsulun müvafiq hissəsi yenidən işlənilə (qurudula, zərərsizləşdirilə, soyudula və təmizlənə) bilər.
Fonddan taxılın istifadəsi istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək, habelə ölkənin taxıl ilə təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda taxıl məhsulları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə həyata keçirilir.
Fonddan taxılın istifadə üçün buraxılması (satılması) taxılın bazar qiymətinə əsasən həyata keçirilir. Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturası nəzərə alınmaqla saxlanılmasına cəhd edilir.