Vergi ödəyicilərinin uçotu ilə bağlı – Bankların vəzifələri nədir?
Sahibkarlıq subyektləri fəaliyyətə başlamazdan öncə vergi orqanlarında qeydiyyatdan keçirlər və bu zaman onlara VÖEN – vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir. Qeydiyyat işləri tamamlandıqdan sonra müvafiq əməliyyatları bank yolu ilə həyata keçirmək üçün sahibkarın bankda hesab açmasına ehtiyac yaranır.
Bunun üçün sahibkar vergi orqanlarına elektron, yaxud kağız daşıyıcıları vasitəsilə müraciət edir və özünün müəyyən etdiyi hər hansı bir bankda şəhadətnamə-dublikat almaq istədiyini bildirir. Vergi orqanları sahibkarın müraciəti əsasında şəhadətnamə-dublikat hazırlayır və bu sənədi sahibkarın müracəti zamanı qeyd etdiyi banka göndərir. Bank isə həmin müraciətə uyğun olaraq on gün ərzində sahibkar üçün hesab açır və bu barədə vergi orqanlarını elektron şəkildə məlumatlandırır.
"BI" xəbər verir ki, bu barədə Bank mütəxəssisi Bəxtiyar Məmmədov fikirlərini bölüşüb.
Mütəxəssis bildirib ki, hesab açıldıqdan sonra sahibkar öz hesabına nağd vəsaitlər mədaxil edə, həmçinin həmin hesabdan müxtəlif sahibkarlıq subyektlərinə vəsait köçürə, yaxud qanunvericiliyə uyğun həcmdə nağd məxaric əməliyyatları həyata keçirə bilər: “Bankların bu prosesdə vəzifələrindən biri də nağd vəsaitlərin məxaric edilməsi zamanı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiq edilməsi, dövlət strukturlarından sahibkarın hesabına daxil olmuş vəsaitlərin məxarici üzrə qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınmasını təmin etməkdir.
Sahibkar öz hesabından nağd məxaric edərkən, müvafiq bank Vergilər Nazirliyinin internet səhifəsi vasitəsilə həmin sahibkarın hal-hazırda ƏDV ödəyicisi, dövlət müəssisəsi olub-olmamasını müəyyən edərək, məxaric əməliyyatının qanunvericiliyə uyğun həcmdə həyata keçirilməsini təmin edir. Bundan əlavə, verginin ödəmə mənbəyindən tutulması da bankın funksiyalarına aiddir.
Bankların vergi uçotu zamanı daha bir rolu isə sahibkarlıq subyektlərinin fəaliyyəti zamanı vergi borcları yarandığı halda, yaxud hər hansı digər səbəbdən bu vəsaitlərin hərəkətinin məhdudlaşdırılmasına ehtiyac yarandıqda, vergi orqanlarının sərəncamına əsasən hesablarda olan vəsaitlərin bloklandırılması, sahibkarın vergiləri vaxtlı-vaxtında və tam şəkildə ödəmədiyi halda müvafiq hesablarla heç bir əməliyyatın aparılmamasının təmin edilməsidir”.
B.Məmmədov qeyd edib ki, ümumilikdə götürdükdə, bankların vergi uçotu zamanı əsas funksiyaları bank fəaliyyəti zamanı mümkün olduğu halda vergilərin ödənilməsinin həyata keçirilməsinin təmin edilməsi, vergidən yayınmanın minimallaşdırılması, sahibkarlıq fəaliyyəti zamanı vəsaitlərin dövriyyəsinin şəffaf şəkildə müəyyən edilə bilməsi üçün zəmin yaradılmasıdır. Bu, həm sahibkarın vergi qanunvericiliyi qarşısında olan öhdəliklərini yerinə yetirməsinə və hər hansı digər inzibati-hüquqi məsuliyyətlərdən uzaq olmasına xidmət edir, həm də dövlətin vergi nəzarətini təşkil etmək üçün uyğun mühitin formalaşmasını təmin edir.