Füzulidə ərazisi 150 hektardan çox olan eko-park salınacaq
Füzulidə Qələbə parkı və Memorial parkı, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan eko-parkın salınması planlaşdırılıb.
Bu barədə işğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş Planında deyilir.
Bununla yanaşı, yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası nəzərdə tutulur.
Baş Planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib. 2030-cu ilədək dayanıqlı inkişaf üçün 4 əsas istiqamət – idarəetmə, iqtisadiyyat, sosial rifah, ətraf mühit seçilib.