Çindən ölkəyə qida məhsulları gətirən bəzi şirkətlərə xəbərdarlıq edildi
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 24.5-ci maddəsinə əsasən, bir sıra qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri əvvəlcədən təsdiq edilməlidir.
Bununla bağlı olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ötən dövr ərzində müvafiq tədbirlər icra edilmiş və hazırda xarici ölkələrdə fəaliyyət göstərən, ölkəmizə qida məhsullarını tədarük edən şirkətlər və onların istehsal obyektlərinin təsdiqi həyata keçirilməkdədir.
Qeyd edək ki, Çin Xalq Respublikasından da ölkəmizə bir sıra qida məhsulları gətirilir ki, onların da içərisində xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid yüklər var. Bunlardan iribuynuzlu mal-qara əti, ördək əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulları göstərmək olar.
AQTA Çindən ölkəmizə qida məhsullarının ixracını həyata keçirən və bu ölkədən həmin məhsulların təchizatını təmin edən şirkətlərə xəbərdarlıq edərək bəyan edir ki, müvafiq qida obyektləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq bəndinə uyğun təsdiq olunmalıdır. Bildirilir ki, cari ilin aprel ayının 10-dək təsdiq üçün müraciət etməyən şirkətlərin yuxarıda qeyd olunan qida məhsullarını idxal etməsi mümkün olmayacaq.