Bank

Mərkəzi Bank faizləri yenidən qaldırır

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırılmışdır.

Bu barədə ENA.az-a Mərkəzi Bankdan məlumat daxil olub.

Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilmişdir.

Ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın tədricən azalması davam edir. Bu proses qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən azalması, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsi, dünya əmtəə qiymətlərinin sabitləşməsi, hətta bəzi kateqoriyalar üzrə aşağı düşməsinin təsiri fonunda baş verir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin fevralında 0.6% azalma ilə 2022-ci ilin mart ayında çatdığı pik səviyyədən 18,7 faiz bəndi aşağı düşmüş, illik əsasda 8.1% azalmışdır. Beləliklə, ötən ilin aprelindən başlayaraq artıq 11 ay ardıcıl dünya ərzaq qiymətləri aşağı düşməkdədir. Bütün bunlar ölkə daxilində inflyasiyanın faktiki və gözlənilən dinamikasına müəyyən zaman intervalı ilə təsir göstərir. Eyni zamanda tədiyə balansının cari əməliyyatlar hesabının profisiti qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici xərc amillərini neytrallaşdırır. 2022-ci ildəki 8.4%-lik möhkəmlənməninin ardınca 2023-cü ilin ilk 2 ayında manatın nominal effektiv məzənnəsi 2.2% möhkəmlənmişdir. Mərkəzi Bank tərəfindən monetar şəraitin adekvat tənzimlənməsi də inflyasiyanın daxili tələb amillərini məhdudlaşdırır. Qeyd olunan amillərin təsiri altında 2023-cü ilin fevralında illik inflyasiya 14.1% təşkil etmişdir ki, bu da son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15.6%) ilə müqayisədə 1.5 faiz bəndi azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department