MALİYYƏ

“Aqrarkredit”dən Naxçıvan ilə bağlı qərar

Kredit Təşkilatının Naxçıvan filialı tərəfindən sahibkarlıq subyektlərinə, fiziki və hüquqi şəxslərə, ailə kəndli təsərrüfatlarına göstərilən kredit xidmətlərinə görə tətbiq olunan faiz dərəcələri xeyli aşağı salınmış və kreditlərə güzəşt müddətləri artırılmışdır.

“Aqrarkredit” QSC Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara kreditləşmənin əhatəsini genişləndirir.

QSC-nin yaydığı məlumatda bildirilir ki, "Aqrarkredit"in Naxçıvan Muxtar Respublikasının bütün rayonlarına xidmət edən regional filialı fəaliyyət göstərir. Naxçıvan filialının kredit portfeli 01.01.2023-cü il tarixə 2.6 milyon manat olmuşdur. Hazırda filial 400-dən artıq sahibkar borcalana xidmət göstərir.

Sahibkarlığın inkişafı maliyyə xidmətlərinin genişləndirilməsini,  xüsusi olaraq maliyyə-kredit resurslarının əlçatanlığının yaxşılaşdırılmasını zəruri edir.

Ölkənin aqrar sahəsinin  kreditləşməsində yüksək təcrübəyə malik olan  “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (“Aqrarkredit” QSC) tərəfindən 2023-cü il martın 14-də Naxçıvan filialında, mətbuat nümayəndələrinin iştirakı ilə sahibkarlarla görüş keçirilmiş, muxtar respublikada fəaliyyət göstərən sahibkarlara kreditlər verilmişdir.

Naxçıvan Muxtar Respublikanın kənd yerlərində mikro, kiçik və orta sahibkarların (məhsul istehsalçılarının) kreditə olan tələbatının ödənilməsini, sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılmasını, Aqrarkredit QSC-nin bazar payının artırılmasını təmin etmək üçün bu istiqamətdə “Aqrarkredit” QSC-nin 14 fevral 2023-cü il tarixli Qərarı ilə Kredit Təşkilatının Naxçıvan filialı tərəfindən sahibkarlıq subyektlərinə, fiziki və hüquqi şəxslərə, ailə kəndli təsərrüfatlarına göstərilən kredit xidmətlərinə görə  tətbiq olunan faiz dərəcələri xeyli aşağı salınmış və kreditlərə güzəşt müddətləri artırılmışdır.  

Həmin qərarla “Aqrarkredit” QSC-nin öz vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı məhsullarının tədarükü, ticarət, xidmət  və digər sahələrə əlverişli şərtlərlə, eyni zamanda Aqrar Kredit və İnkişaf Agentliyinin və  Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli şərtlərlə kreditlərin verilməsi qərara alınmışdır.

Martın 14-də tədbirin keçirilməsində də məqsəd həmin kreditlərin əlverişli şərtlərlə sahibkarlıq subyektlərinə verilməsi, eyni zamanda bu barədə  ictimaiyyətin  məlumatlandırılmasından ibarət olmuşdur. 

Ona görə də martın 14-də “Aqrarkredit” QSC-nin Naxçıvan regional filialında aqrar sferada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə  əlverişli şərtlərlə 60 min manatdan çox kreditlər verilib.

Ümumilikdə ilin əvvəlindən  “Aqrarkredit” QSC-nin Naxçıvan regional filialı tərəfindən 85 müştəriyə 800 min manatdan artıq güzəştli şərtlərlə kreditlərin verilməsi həyata keçirilmişdir. Verilmiş həmin kreditlərin 70 faizdən çoxu aqrar sferada çalışan sahibkarların payına düşmüşdür.

Eyni zamanda Muxtar Respublikada kredit xidmətinin coğrafiyasının daha da genişləndirilməsi üçün  regional nümayəndələrin işə cəlb olunması planlaşdırılır. Hazırda Naxçıvan filialının əhatə dairəsi daha çox Naxçıvan şəhərini, Şərur və Babək rayonlarını əhatə edir. Yeni strateji dövrdə Muxtar Respublikanın bütün rayonlarını əhatə etməklə kredit xidmətinin əhatə dairəsi genişləndiriləcək.

Qeyd olunanlarla yanaşı “Aqrarkredit” QSC tərəfindən aqrar sahədə fəaliyyət göstərən sahibkarlara maliyyə xidmətlərinin əhatəsini genişləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq nəzərdə tutulur. Bununla bağlı müvafiq müqavilələr imzalandıqdan sonra muxtar respublikada aqrar sahədə fəaliyyət göstərən sahibkarlara, həmin fondun vəsaitlərindən istifadə etməklə güzəştli şərtlərlə kreditlərin verilməsinə start veriləcəkdir.

Naxçıvan Muxtar Respublikasında 01.01.2023-cü il tarixinə 1188 müəssisə (hüquqi şəxs), 35.9 mindən artıq fərdi sahibkar fəaliyyət göstərir. Bunlardan  təxminən 10 faizi aqrar sferada, qalanları isə iqtisadiyyatın digər sahələrində çalışırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)