Gündəm

ABŞ və İsrail İranla bağlı razılığa gəldi

ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

Bu barədə Ağ evin rəsmi saytında dərc olunan iki ölkənin birgə bəyanatında qeyd olunub.

“Rəsmilər İranın nüvə proqramının irəliləyişini böyük narahatlıqla təhlil ediblər və İsrail ilə ABŞ arasında təhlükəsizlik sahəsindəki çoxillik tərəfdaşlığının daha da gücləndirilməsinin qarşılıqlı məqsədini bir daha təsbit ediblər. Bununla bağlı vəzifəli şəxslər İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və İranın regionda düşmənçilik fəaliyyətindən çəkindirmək üçün tədbirlərin koordinasiyasını gücləndirməyi öhdələrinə götürüblər”, – milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, İsrailin strateji planlaşdırma naziri Ron Dermer və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Saxi Haneqbinin iştirakı ilə ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ-İsrail Strateji Məsləhət Qrupunun keçirilən toplantısının yekununa dair verilən bəyanatda qeyd olunub.

Tərəflər həmçinin ABŞ Silahlı Qüvvələri ilə İsrail Müdafiə Qüvvələri arasında keçirilən son birgə təlimlərin nəticələrini də müzakirə ediblər. Görüş zamanı hər iki tərəf “İsrailin təhlükəsizliyini və Yaxın Şərq regionuna siyasi inteqrasiyasını daha da dərinləşdirmək üçün səyləri” baxışdan keçirib.

“Sallivan, Prezidentin (ABŞ Prezidenti Cozef Bayden – red.) 2022-ci ilin iyulunda İsrailə səfəri zamanı imzalanmış ABŞ-İsrail Strateji Tərəfdaşlığa dair Qüds Birgə Bəyannaməsində ifadə edildiyi kimi, Prezident Baydenin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini təsdiq edib”, – bəyanatda vurğulanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)