Sosial iqtisadiyyat

Dövlət satınalmalarının vahid internet portalı yenilənib

Dövlət satınalmalarının vahid internet portalı – “Etender.gov.az” yenilənib

“Etender.gov.az” – dövlət satınalmalarının vahid internet portalının istifadəçi interfeysi və funksionallığında dəyişikliklər edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Verilən məlumata əsasən, yeni interfeysdə məlumatların əlçatanlığı və istifadəçi rahatlığı nəzərə alınaraq bir sıra yeniliklər tətbiq edilib. Bu yeniliklərə müsabiqələrin paylaşılması üçün fərdi keçidlərin hazırlanması və mobil versiyanın yaradılması daxildir.

Qeyd edilib ki, 1 mart 2019-cu il tarixindən istifadəyə verilən portal dövlət investisiyaları vəsaiti hesabına həyata keçirilən müsabiqələrdə geniş rəqabət mühitinin yaradılmasına və satınalma prosedurlarında şəffaflığın təmin edilməsinə xidmət edir.

O da bildirilib ki, dövlət satınalmalarının vahid internet portalının operatoru olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən portalda təkmilləşdirmə işləri davam etdirilir. Cari dəyişikliklərin tam siyahısı, o cümlədən digər yeniliklər barədə portalın xəbərlər bölümü vasitəsilə ətraflı məlumat əldə etmək olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)