Vardanyan istefaya GÖNDƏRİLDİ
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" uzaqlaşdırılıb.
ENA.az xəbər verir ki, bu barədə separatçıların "rəhbəri" Arayik Harutyunyan "qərar" verib.
Bildirilib ki, onun yerinə Qurgen Nersisyan gətirilib.
Bundan əvvəl Ermənistanın "Hraparak" qəzeti yazmışdı ki, Vardanyan "vəzifədən" azad edilsə də, Xankəndidə qalmağa davam edəcək.
"Past" nəşri isə bildirmişdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların "dövlət naziri" Ruben Vardanyanın "yoldan çəkiləcəyinə" söz verib. İddiaya görə, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi erməni milyarder Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib.
Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın öz vətəndaşları hesab etdiyi Qarabağın erməni icması ilə münasibətlər qurmağa hazır olduğunu və onlara bütün Azərbaycan vətəndaşlarının malik olduğu qədər hüquq və təhlükəsizlik təminatı veriləcəyini elan edib, lakin bunun üçün Moskvadan göndərilən Ruben Vardanyanın Qarabağı tərk etməsi tələb olunub.