Bank

Azərbaycan banklarında nağd xarici valyutanın alqı-satqısı 27% artıb

2022-ci ildə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların ümumi həcmi 5,1 milyard dollardır. Bu 2021-ci ilin göstəricisindən 27% çoxdur.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bunun 85,7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. 

2022-ci ilin I rübündə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 1,2 milyard dollar, ikinci rübdə - 1,4 milyard dollar, üçüncü rübündə 1,3 milyard dollar, dördüncü rübündə isə 1,2 milyard dollar olub.

Qeyd olunur ki, ötən ilin aprel-dekabr aylarında xarici valyutanın yüksək alışı hesabına 2021-ci illə müqayisədə xarici valyutanın satışı 5 dəfə azalıb.

AMB-dən vurğulanıb ki, 2022-ci il ərzində Azərbaycanın nağdsız valyuta bazarının həcmi 31,7 milyard dollardır. Bu 2021-ci ildəkindən 13,9% çoxdur. “Valyuta bazarında əməliyyatlarının 83,4%-i ABŞ dolları, 16,6%-i isə digər valyutaların payına düşüb. 

AMB-nin məlumatına görə, valyuta əməliyyatlarının 28,6%-i banklararası valyuta bazarında (BVB), 71,4%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

2022-ci ildə BVB-də əməliyyatların 99.1%-i ABŞ dollarında aparılıb.

“Hesabat dövrü ərzində əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9,6% artaraq 9 milyard dollar ekvivalentində olub. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb”, - deyə bankdan qeyd olunur.

BDVB-də valyuta əməliyyatlarının həcmi15,8% artaraq 22,6 milyard dollar ekvivalentində olub, bunun da 77.1%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)