Sosial iqtisadiyyat

İş yerlərində quraşdırılan müşahidə kameraları işçilərin hüquqlarını pozurmu?

Bu gün bir çox yerlərdə – küçələrdə, parklarda, ictimai iaşə obyektlərində müşahidə kameralarının quraşdırıldığını görürük. Təhlükəsizlik məqsədilə quraşdırılan bu kameralar bəzi hallarda vətəndaşları narahat edir. Xüsusən də müxtəlif müəssisələrdə, iş yerlərində müşahidə kameralarının olması işçilərin narazılığa səbəb olur. Belə ki, bu, işçilərin şəxsi həyatına müdaxilə kimi qiymətləndirilir. Bəs, qanunvericilikdə bu məsələ necə tənzimlənir?

Mövzu ilə bağlı danışan vəkil İbrahim Hüseynov bildirib ki, təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı qanunvericilikdə hər hansı bir tənzimləmə olmadığı üçün bu kameraların quraşdırılmasının əsasları qanunvericiliyin digər normalarına uyğunlaşdırılmalıdır.

“Azərbaycan Respublikası Konstitusiyanın 32-ci maddəsi hər kəsin şəxsi toxunulmazlıq hüququnun olduğunu bəyan edir. Qeyd olunan maddədə göstərilmişdir ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Habelə, Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə şəxsi həyatın toxunulmazlığının pozulmasına görə cinayət məsuliyyəti müəyyənləşdirilib”, – deyə o qeyd edib.

Vəkil beynəlxalq aktlara da istinad edərək Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə şəxsi həyatın toxunulmazlığına təminat verildiyini vurğulayıb: “Avropa İnsan Hüquqları Məhkəməsi çox düzgün bir yanaşma ilə ofislərin və iş yerlərinin də “mənzil” anlayışına daxil ola biləcəyinə qərar verib. Yəni, buradan belə nəticəyə gələ bilərik ki, bu məsələ həm də mənzil toxunulmazlığını əhatə edir”.

Hansı məkanlarda müşahidə kameralarının yerləşdirilməsinə icazə verilməsinə gəlincə, İ.Hüseynov deyib ki, harada ki, təhlükəsizlik qaydaları pozula bilər, orada kameraların quraşdırılması mümkündür. Bundan əlavə, hansısa ictimai qaydaların pozula biləcəyi, qəzaların baş verməsi mümkün olan yerlərdə kamera quraşdırmaq olar.

“Parklarda, ticarət mərkəzlərində, məktəblərdə, kolleclərdə, biznes mərkəzlərində, ofislərdə, restoranlarda, otellərdə müşahidə kameralarının yerləşdirilməsi qanunidir. Gizli kameranın şəxsi məxfilik və ya zərərli niyyəti olan bir yerə qoyulması gizli kameralardan istifadəni qanunsuz edir. Önəmli məsələlərdən biri də müşahidə kameraları ilə bağlı xəbərdarlıq elanlarının vurulmasıdır. Qaydalara görə, əgər hər hansı obyektdə kamera varsa, vətəndaşlar bundan məlumatlı olmalıdırlar. Belə olduğu halda, içəridə çəkilişin olması ilə bağlı xəbərdarlıq lövhəsi də qoyulmalıdır. Bu, gizli çəkiliş kimi qəbul edilərsə, o zaman qanun pozuntusu sayılır. Yəni gizli çəkiliş birmənalı olaraq konstitusiya pozuntusudur və şəxsi həyata müdaxilə kimi qəbul edilir”, – deyə vəkil bildirib.

İşçilərin hər hansı müəssisədə müşahidə kameraları ilə izlənmələrini onların hüquqlarının və məxfiliyin pozulması kimi qiymətləndirib buna etiraz edə bilib-bilməyəcəyi barədə məsələyə isə İ.Hüseynov belə aydınlıq gətirib: “İşçilərin ofislərində və iş yerlərində məxfilik hüququ vardır. Əgər işçilərin məxfiliyi pozulursa, onlar buna qarşı qanuni əməliyyat aparmaq hüququna malikdirlər. Burada əsas ölçü şəxsi həyata əsassız müdaxilənin qarşısını almaqdır. Müdaxilə o halda əsaslı olur ki, təhlükəsizlik və cinayətlərin qarşısını almağa yönəlsin və vətəndaşın icazəsi olmadan istifadə olunmasın, yəni yayımlanmasın, təhqiqatçı və müvafiq şəxslərdən başqa həmin məlumatlara giriş mümkün olmasın. Əgər qeyd olunanlara əməl edilmirsə, bəli, işçinin bu kimi etiraz etmə hüququ var. Əslində qərb ölkələrində bu kimi hallar mümkün deyil. Yəni qərb ölkələrində işçinin otağına kamera quraşdırıla bilməz. Kameralar müştərilərlə görüşə açıq olan yerlərdə quraşdırıla bilər. Avropada əsas ölçü budur”.(e-hüquq)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)