Zəlzələyə görə Bakıda həyət evləri bahalaşıb?
Türkiyədə minlərlə insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli zəlzələ Azərbaycanın əmlak bazarına da öz nəticəsini göstərir. Belə ki, faciəvi hadisədən sonra Bakıda hündürmərtəbəli bina evlərinin alqı-satqısında durğunluq yaranıb. Yeni tikililərin təhlükəli olduğunu düşünən insanların daha çox həyat evlərinə üstünlük verdikləri deyilir.
Alıcıların sözlərinə görə, əvvəlki günlərlə müqayisədə son bir həftə ərzində Bakıda həyət evlərinin qiymətində bahalaşma müşahidə olunur. Mənzil bazarına üz tutan vətəndaşlara qiymət artımının zəlzələ ilə əlaqədar olduğu deyilir.
Məsələ ilə bağlı danışan “MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, həyat evlərinə üstünlük verənlər olsa da, satışda artım qeydə alınmayıb.
“Həyət evlərini alanların sayında hələ çoxluq müşahidə edilmir. Ona görə də qiymət təzyiqi normadadır. Bu sahədə üstünlüyün olması üçün müəyyən müddət, təxminən bir-iki ay keçməlidir ki, biz onu hiss edə bilək. İnsanları bu istiqamətdə hansı qəraraların qəbul olunacağı maraqlandırır. Bazarda hələlik axın görünmür. Ümumilikdə əmlak bazarında passivlik var. Əvvəlki dövrə baxanda insanlar daha çox gözləmə mövqeyindədir. Ona görə də bazarda durğunluq hökm sürür. Müəyyən müddət lazımdır ki, son hadisələr unudulsun və potensial alıcılar yenidən bazara qayıda bilsinlər. Onu da qeyd edim ki, son günlər ərzində bina evlərini satıb, həyət evi almaq istəyənlərə rast gəlməmişik. Bu da onu göstərir ki, hələlik həyət evlərinə axın hiss olunmur”, - deyə əmlak üzrə ekspert vurğulayıb.
Reiltorlar isə qeyd edirlər ki, son günlər alıcılar bina ilə yanaşı, həyət evləri ilə də maraqlanırlar, lakin satışda artım müşahidə edilmir.
"Bəzi əmlak sahibləri mövcud durumdan istifadə edərək, qiymətləri qaldıra bilərlər. Bu, istisna deyil. Ancaq bazarda durğunluq olduğundan alıcılar mənzil almağa tələsmirlər. Kimsə öz əmlakını baha qiymətə satışa çıxarırsa, bu, onun seçimidir. Son qərarı alıcı və əmlak sahibləri verir. Biz bu prosesə müdaxilə edə bilmirik. Ümumi vəziyyətə gəlincə, həyət evlərinin satışında ciddi artım yoxdur", - deyə əlavə saxladığımız reiltorlar vurğulayıblar.