Müəllimlərin maaşları nə vaxt artacaq?
Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrin maaşları Vahid Tarif Cədvəli (VTC) ilə tənzimləndiyi üçün onların əmək haqqları yanvarın 1-dən etibarən artırılıb. Bununla bağlı, Nazirlər Kabineti tərəfindən qərar da qəbul olunub. Bundan sonra isə müəllimlərin maaş artımı ilə bağlı suallar yaranıb.
Mövzu ətrafında sualları cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bu aydan etibarən VTC dərəcələrində orta hesabla 15.0 faiz artım həmin işçilərin maaşlarına əlavə olunacaq.
Deputat qeyd edib ki, bütövlükdə, səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir:
“Səhiyyə Nazirliyi tabeliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu. Elm və Təhsil Nazirliyinin, həmçinin TƏBİB-in hər birinin ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlarda təşkil edilən qiymətləndirmələr də məhz bununla bağlıdır: yüksək məhsuldarlığa daha çox ödəniş.
Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırılıb. Çünki, heç bir sektorda minimum əməkhaqqı məbləğindən az maaş verilə bilməz. Yəni, əgər kimsə təhsil və səhiyyə sektorunda çalışırsa və əməkhaqqı 300 manat idisə, o vətəndaşlarımızın maaşları artıq artırlıb”.
Parlamentari təhsil sektorunda da maaş artımının gözlənildiyinin anonsunu verib:
“Hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkün hesab olunur. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir. Çünki bu sektorlar üzrə uyğunlaşdırma üçün 1 ay ayrılmışdı”