Sosial iqtisadiyyat

Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı

“Vergi borcu olanlar da hesab aça biləcəklər”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər.

“Belə ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırıldı.

Vergi Məcəlləsinə edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.

Bu məhdudiyyətin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır. Çünki bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır”, – deyə deputat əlavə edib.

Qeyd edək ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir. 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 % artaraq 15 milyard 541,5 milyon manat təşkil edib. Bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9 % artaraq 8 milyard 134,9 milyon manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)