Neft qiymətləri ucuzlaşmaqda davam edir
Neft bir gün əvvəl ucuzlaşdıqdan sonra bugün səhər yenə aktiv şəkildə ucuzlaşır, investorlar ABŞ-da yanacaq ehtiyatlarının artması ilə bağlı siqnalları və Federal Ehtiyat Sisteminin nümayəndələrinin bəyanatlarını qiymətləndirirlər.
Londonun ICE Futures birjasında saat 9:16-da Brent markalı neftin mart fyuçerslərinin dəyəri bir barel üçün 83,83 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 1,15 dollar (1,35%) azdır. Çərşənbə günü ticarət nəticəsində bu müqavilələr bir barel üçün 0,94 dollar (1,1%) azalaraq 84,98 dollar olub.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında fevral ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 78,2 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,28 dollar (1,61%) aşağıdır. Son sessiyanın yekunlarına görə, müqavilənin qiyməti 0,7 dollar (0,9%) azalaraq 79,48 dollar/barel olub.
Bir gün əvvəl neft qeyri-sabit sessiya keçirdi: ticarət sessiyası zamanı kotirovkalar dekabrın əvvəlindən bəri öz yüksək səviyyələrini yenilədi, lakin sonra Sent-Luis Federal Ehtiyat Bankının rəhbəri Ceyms Ballardın bəyanatları əsasında enməyə keçdi.
Ballard “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ mərkəzi bankı iqtisadiyyatın yavaşladığını göstərən son statistik məlumatlara baxmayaraq, inflyasiya təzyiqlərini azaltmaq üçün əsas faiz dərəcəsini artırmağa davam etməlidir.
The Price Futures Group-un baş bazar analitiki Phil Flynn, "Bu sözlər FED-in növbəti iclasda dərəcələri yenidən 50 baza bəndi artıra biləcəyi qorxusunu artırdı", - deyib.
Bundan əlavə, Amerika Neft İnstitutunun (API) cümə axşamı gecəsi açıqladığı məlumatlar ABŞ-ın neft ehtiyatlarının keçən həftə 7,6 milyon barel artdığını göstərir. Bir həftə əvvəl ehtiyatlar 14,87 milyon barel artmışdı.