Azərbaycanda evlərin alqı-satqısına dair prosedur dəyişdirildi - QƏRAR
Prezident Ilham Əliyev Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
ENA.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınacaq. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunacaq.
Bundan başqa, daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsini, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır.
Eləcə də oxu: Azərbaycanda evlərin yalnız nağdsız qaydada alqı-satqısı mümkündürmü?: fevralın 1-dən qanun qüvvəyə minir
Eyni zamanda beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.