MALİYYƏ

Mərkəzi Bank: "Gələn il büdcə xərcləri ÜDM-in 30%-dən çox olacaq"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il dövlət büdcəsi xərclərinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 30%-i üstələyəcəyini gözləyir.

ENA.az xəbər verir ki, bu barədə AMB-nin 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Qurum bəyan edib ki, 2023-cü ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaq. Növbəti ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi ilə qeyri-neft fiskal kəsrin və borclanmanın azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq, AMB gələn il də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə müntəzəm yeniləyəcək.

2023-cü ildə əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft məhsul və xidmət ixracı potensialının reallaşması Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq. Qiymətləndirmələrə görə, 2023-cü ildə də tədiyə balansının cari əməliyyatlar hesabında qalıq gözlənilir. İxracın strukturunun şaxələndirilməsi cari hesabı balanslaşdıran neft qiymətinin rolunun azalmasına səbəb olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)