“Un topdan limit ilə satılır”
Çörək zavodlarından əldə edilən məlumata görə, Azərbaycanda topdansatış məntəqələri unu limit ilə satırlar.
Bunu adının açıqlanmasını istəməyən mənbə bildirib.
“Məsələn, hazırda bir topdansatış şirkəti bir zavoda 20 tondan artıq un satmır. Gündəlik 30-35 ton un istifadə edən zavod daimi işlədiyi şirkətdən cəmi 20 ton un alır. Məcbur olub başqa satış yerlərindən un tapmalı olurlar”,- mənbə bildirib.
Mənbənin sözlərinə görə, əslində topdansatış şirkətlərində un var. ““Un yoxdur” deyə bilmirlər. Unun qiymətinin yenidən arta biləcəyi gözlənildiyindən satışı azaltmağa çalışırlar. Topdansatış şirkətləri daha çox un saxlayıb qiyməti artan zaman satmağı düşünürlər. Unun qiymətinin artacağı gözlənilir. Az ehitmal var ki, qiymət artımı olmasın”.
Qeyd edək ki, ötən ilin sonunda unun kisəsinin qiyməti bahalaşıb. Bundan əvvəl Azərbaycanda unun qiyməti devalvasiyalardan sonra artırılmışdı. Həmin vaxt unun daha baha qiymətə satılmasının lazım olduğu bildirilmiş, lakin əhalinin vəziyyəti nəzərə alınaraq daha çox qiymət artımı edilmədiyi bildirilmişdi.
Ötən il dünyada taxıl istehsalı da azaldığından buğdanın qiyməti artıb.