Yerüstü parkinqlər qanunsuz fəaliyyət göstərir - VİDEO
Ötən gün BNA-nin sədri Vüsal Kərimli jurnalistlərə açıqlamasında bildirdi ki, Bakıda fəaliyyət göstərən yerüstü parkinqlərdə yığılan vəsaitin agentliklə heç bir əlaqəsi yoxdur. İndi hər kəsi bir sual maraqlandırır. Bəs, yığılan pullar hara gedir?
"BI"nin xəbərinə görə, ARB TV məsələ ilə bağlı paytaxtın müxtəlif istiqamətlərində araşdırma aparıb.
Bura 28 May metrosunun qarşısında fəaliyyət göstərən yerüstü parkinq yeridir. Ərazidə təqribən 20-dən çox işçi parkinq xidməti ilə məşğul olur. Bu şəxslərin göstərdikləri fəaliyyətə dair hər hansı sənədlərinin olmadığını da demək yerinə düşər.
“Bura ödənişsiz deyil, qəbz verirəm. Biz BNA-ya baxırıq”, - deyə parkinq nəzarətçisilərində biri bildirib.
Digəri isə hələ iki gün işlədiyini və bu səbəbdən danışa bilməyəcəyini qeyd edib.
Ekspertlər isə bildirirlər ki, parklanma yerləri BNA-nə həvalə olunsa da, hələlik qurum yalnız yeraltı parkinqlərə nəzarət edir.
Yerüstü parkinqlər hələlik heç bir quruma həvalə olunmadığı üçün xidmətdən istifadə ödənişsizdir.
“Qanunsuz fəaliyyətdir. O aparatlar heç bir mərkəzi bazaya, heç bir sistemə qoşulu deyil. Sürücüləri qorxudurlar. Ödəniş etməsəniz cərimələnəcəksiniz deyib, onlardan 1, 2 manat pul alırlar”, - deyə ekspert Elməddin Muradlı vurğulayıb.
Görünən odur ki, məsələ ilə bağlı xüsusi normativlər olmadığından pulsuz fəaliyyət göstərməli olan parkinqlərdə dayanmaq üçün hələ bir müddət nəzarətsiz nəzarətçilərə pul ödəməli olacağıq.