Qeyts və Bezos insanların çipləşdirilməsinə $145 mln. sərmayə qoyublar
Milyarderlər Bill Qeyts və Ceff Bezos beyin-kompüter interfeysini inkişaf etdirən “Synchron” startapına sərmayə qoyublar. Sərmayənin ümumi məbləği 145 milyon dollar təşkil edib. Qeyts və Bezosdan başqa investorlar arasında “ARCH Venture Partners”, “Khosla Ventures” və digərləri olub.
ENA.az bu barə “Gazeta.ru”ya istinadən xəbər verir.
Bildirilir ki, “Synchron”un inkişafları iflic kimi müxtəlif beyin zədələri olan xəstələrə kömək etmək üçün nəzərdə tutulub. Beyinə yerləşdirilən xüsusi çiplərin köməyi ilə onlar kompüteri idarə edərək başqaları ilə ünsiyyət qura biləcəklər.
Oxşar nəticələrə İlon Maskın “Neuralink” şirkəti də nail olur. Məlumdur ki, milyarder 2023-cü ildə beyin implantlarının insanlar üzərində sınaqdan keçirilməsinə başlamağı planlaşdırır – onun sözlərinə görə, artıq müvafiq sənədlər səlahiyyətli nəzarət orqanlarına göndərilib.