Sənaye

Türkiyədə 12 mlrd. dollarlıq neft yatağı kəşf edilib

Türkiyə ölkənin şimal-şərqindəki Qabar dağı bölgəsində yeni neft yatağı kəşf edib. “Anadolu” agentliyi xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə çıxışında deyib.

Prezidentin sözlərinə görə, aşkar edilmiş neft ehtiyatlarının xalis həcmi 150 milyon barel təşkil edir və təxminən 12 milyard dollar qiymətləndirilir.

Ərdoğan qeyd edib ki, Türkiyənin milli neft şirkəti “Türkiye Petrolleri”nin 5 il əvvəl təxminən 40 min barel olan gündəlik hasilatı hazırda 65 min barrelə yüksəlib.

 “Bir çox neft və qaz şirkətləri pandemiya zamanı ruhdan düşsə də, Türkiye Petrolleri kəşfiyyat və hasilat fəaliyyətini sürətləndirib. Təkcə 2021-ci ildə daha 34 yataq kəşf edilib və biz hazırkı ehtiyatlarımıza daha 71 milyon barel əlavə etdik”, – deyə prezident Ərdoğan bildirib.

Ümumilikdə, 2022-ci ildə Türkiyədə 10 quru yatağı kəşf edilib və Qabar rayonunda neft hasilatı ən böyük yataqlardan biridir. Bu ilin iyun ayında Adan şəhərində açılan iki quyu 1 milyard dollar dəyərində qiymətləndirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)