"Rəisə 200 min vermədiyim üçün işimi qərəzli apardı" - POLİS SERJANTI
Bakı Ağır Cinayətlər Məhkəməsində “Range Rover”lə qəza törədərək iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədovun məhkəməsi keçirilib.
"BI"nin verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə ifadə verən X.Məmmədov özünü təqsirli bilmədiyini deyib: “İşdən çıxıb şəhərə gedirdim, qarşıdan gələn “Mercedes” yoluma çıxıb mənim maşınımı vurdu. Avtomobilim dərəyə düşüb yanmağa başladı. Güclə maşından çıxdım, sonra digər maşından meyitləri çıxardım. Dərhal da təcili yardıma və polisə zəng etdim. Səhərə kimi şöbədə olmuşam, hadisə yerindən qaçmamışam, maşını də 60-70 sürətlə sürmüşəm. Bu qəzada mənim heç bir günahım olmayıb. Sadəcə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Həsrət Aslanov mənə kömək etmək üçün 200 min manat istədi, mən də pulumun olmadığını dedim. O isə “pulun yoxdusa, maşını nə ilə almısan?” soruşdu, sonra da mənim işimi qərəzli apardı.
Mən həmişə nümunəvi polis olmuşam, 7 il cənab nazirin mühafizəsində çalışmışam. Binəqədidə yanan binada sakinləri xilas etdiyim üçün, cənab nazirimiz məni polis akademiyasında oxumağa göndərib”.
Proses yanvarın 30-da davam etdiriləcək.
İttihama görə, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.
Hadisədən sonra başından xəsarət alan sürücü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.
Daha sonra həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o, həbs olunub. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib.