“Biz icazə ilə işləmirik” - Ərdoğan
Türkiyə “Pəncə Qılınc” əməliyyatı ilə bağlı ABŞ Prezidenti Co Bayden və Rusiya dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmayıb.
ENA.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.
"Amma həm Bayden, həm də Putin artıq bilirlər ki, biz bu regionda istənilən vaxt belə şeylər edə bilərik. Biz həmişə deyirik ki, bir gecə anidən gələ bilərik, biz icazə ilə işləmirik. Əgər bir addım atacağıqsa, ona qərar veririk və o addımı atırıq. Amerika indi bizim haqqımızda yaxşı düşünməlidir. Bundan sonrakı prosesdə də qətiyyətlə mühüm addımlar atacağıq", - deyə Ərdoğan önəmli mesajlar verib.
Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında “Pəncə Qılınc” adlı xüsusi antiterror əməliyyatına start verib. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın istər planlama, istərsə də icra prosesində günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb.