Ərdoğan Putinlə danışıqlar apardı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, liderlər taxıl dəhlizi və regional məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan Putinə taxıl ixracı ilə bağlı İstanbul sazişinin 120 gün uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib.
Rusiya-Ukrayna müharibəsinin uzanmasının riskləri artıracağını və bu səbəbdən diplomatik danışıqların yenidən canlandırılması lazım olduğunu bildirən prezident Ərdoğan deyib ki, Rusiya və Amerika kəşfiyyat rəhbərlərinin Türkiyədəki təmasları nəzarətsiz gərginliyin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Rusiya prezidenti Putinin Türkiyədə təbii qaz mərkəzi yaratmaq təklifindən məmnun olduqlarını ifadə edən Ərdoğan, komandaların ən qısa zamanda ortaq hədəflərə çatmaq üçün lazımi texniki, hüquqi və ticari qiymətləndirmə edəcəklərini söyləyib.
Ərdoğan İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verdiyi üçün Rusiya prezidenti Putinə də təşəkkür edib.