Gündəm

Şimali Koreyanın atdığı raket Yaponiyanın məxsusi iqtisadi zonasına düşüb

Şimali Koreyanın noyabrın 18-də atdığı qitələrarası raket Yaponiyanın məxsusi iqtisadi zonasına, Hokkaydo adasından təqribən 200 kilometr qərbə düşüb.

Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, həmin raket adi trayektoriya ilə uçacağı təqdirdə 15 min kilometr məsafəni qət edərək ABŞ ərazisinə çata bilər.

Yaponiyanın müdafiə naziri Yasukazu Hamadanın bildirdiyinə görə, yerli vaxtla saat 10:14 dəqiqədə buraxılan raket saat 11:23 dəqiqədə dənizə düşüb. Raketin uçuş müddəti 69 dəqiqə təşkil edib.

İlkin məlumatlara görə, 6 min kilometr maksimal hündürlüyə qalxan raket təqribən min kilometr məsafə qət edib, yəni raket qövs şəklində trayektoriya üzrə hərəkət edib. Cənubi Koreya hərbiçiləri raketin 6,1 min kilometr yüksəkliyə qalxdığını bildiriblər.

“Adi trayektoriya ilə buraxılan raket başlığın çəkisindən və digər faktorlardan asılı olaraq, 15 min kilometrdən çox məsafə qət edə bilər”, – deyə Y.Hamada bildirib. Başqa sözlə, bu raket ABŞ ərazisinə çata bilər.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirakazu Matsuno isə hərbiçilərə Şimali Koreya raketini vurmaq barədə göstəriş verilmədiyini deyib.

Raketin buraxılışından sonra ABŞ hərbi-hava qüvvələrinin Aomori prefekturasında yerləşən Misava bazasında həyəcan sinqalı verilsə də, tezliklə ləğv edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)