"Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyi Ermənistanla tam uyğundur"
"Dağlıq Qarabağın statusu məsələsində Rusiyanın mövqeyi Ermənistan hakimiyyətinin yanaşmasına tam uyğundur".
ENA.az xəbər verir ki, bunu parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı baş nazir Nikol Paşinyan deyib.
Bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini qeyri-müəyyən müddətə təxirə salmağın daha düzgün olduğunu bildirmişdi.
Baş nazir Rusiya tərəfinin bu mövqeyini xatırladıb və qeyd edib ki, səfir fikrini onunla əsaslandırıb ki, indi hamı üçün məqbul statusa nail olmaq mümkün deyil.
“Rusiyalı həmkarlarımız bildirdilər ki, onların fikrincə, Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin qeyri-müəyyən müddətə təxirə salınması düzgün olardı və bunu hazırda tərəflər üçün hansısa məqbul statusun tapılmasının mümkünsüzlüyü ilə əsaslandırdılar. Bəs Ermənistan hökumətinin siyasəti bu baxışa nə qədər uyğundur? Deməliyəm ki, yüz faiz uyğundur”, - Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, məhz bu səbəbdən Ermənistan hökuməti üç əsas komponenti səsləndirməkdə davam edir: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, hüququ və statusu.
"Siz fikir vermisiniz ki, biz müzakirələrimizdə, belə demək mümkünsə, status məsələsini "ötürmüşük" və sonuncu dəfə bu barədə danışırıq. Niyə? Çünki biz rusiyalı tərəfdaşlarla razılaşmışdıq ki, bu məsələ indi gündəmə gətirilməməlidir, çünki bu, bizi qaçılmaz böhrana gətirib çıxaracaq”, - o əlavə edib.
Paşinyan Putin və Əliyevlə Soçidə keçirilən 31 oktyabr tarixli görüşü vacib və faydalı adlandırıb. Deyib ki, bu görüş sülh gündəliyinin təbliğinə töhfə verib.