Gələn il əmək pensiyalarının orta aylıq məbləği bu qədər olacaq
Gələn il əmək pensiyalarının proqnozlaşdırılan orta aylıq məbləği məlum olub.
Bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində əksini tapıb.
Sənədə əsasən, əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 263.59 manat, 2020-ci ilin ilk yarımilliyində 297.85 manat, 2020-ci ilin sonuna 302.24 manat, 2021-ci ilin ilk yarımilliyində 328.77 manat, həmin ilin sonuna 331.75 manat, 2022-ci ilin ilk yarımilliyində 367.98 manat təşkil edib, bu ilin sonuna isə 369.4 manat təşkil edəcəyi gözlənilir. 2023-cü ildə isə əmək pensiyalarının orta aylıq məbləğinin 52.6 manat və ya 14.2 faiz artaraq 422 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Pensiyaların orta aylıq məbləği 2020-ci ildə 2019-cu illə müqayisədə 14.66 % artıb. Bu göstərici 2021-ci ildə 2020-ci illə müqayisədə 9.76 % yüksək olub, 2022-ci ilin sonuna gözlənilən məbləğin isə 2021-ci ilin müvafiq göstəricisindən 11.35 % yüksək olacağı gözlənilməklə, 2023-cü ilin müvafiq göstəricisinin də 2022-ci ilin sonuna gözlənilən göstəricini 14.24 % üstələyəcəyi proqnozlaşdılır.