XalqBank 289 milyon pulunu başqa banklara yerləşdirdi
Aktivlərinin həcminə görə ilk beşlikdə qərarlaşan “XalqBank” nağd və müxbir hesablarında toplanan vəsaitlərini kreditləşməyə yönəldərək, bazarda aktivləşməyə başlayıb.
Aktiv kreditləməyə keçid
ENA.az xəbər verir ki, hesabatların təhlilinə əsasən 2022-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 11,1% artıraraq 2 milyard 599,178 milyon manata yüksəldib. Artım əsasən kredit portfelinin böyüməsi hesabına baş verib. Üçüncü rübün sonuna bankın kredit portfelinin həcmi aktivlərdə 60,4%-ə çatıb, başqa sözlə, bank aktiv kreditləşmə siyasəti yürüdür.
Bankın kredit portfeli 1 milyard 572,082 milyon manata bərabərdir. Bu, 2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə 11,7% çoxdur. Maraqlı rəqəmlərdən biri odur ki, 9 ay əvvəl Bankın digər banklarda cəmi 1 milyon 261 min manat pulu olduğu halda, hazırda 289 milyon 600.52 min manatı var. Eləcə də qiymətli kağızların həcmi 64 milyon manat artaraq 157 milyon manata çatıb.
Bölüşdürülməmiş mənfəəti artıb
Bankın öhdəlikləri 12,8% artaraq 2 milyard 132,898 milyon manatdır. Bunun 1 milyard 778,545 milyon manatını depozit portfeli (artım 15,2%) təşkil edir. Bankın digər maliyyə qurumları qarşısında 223 milyon manat kredit öhdəliyi var.
30 sentyabr 2022-ci il tarixinə “Xalq Bank”ın kapitalı 466,279 milyon manata (artım 3,8%), nizamnamə kapitalı 364 milyon 772,54 min manata (dəyişməyib) bərabərdir. Xalq Bankın mənfəətdən formalaşan, müddətin sonuna 80 milyon 141.86 min manat bölüşdürülməmiş kapitalı var.
Xalis mənfəəti 40% artıb
Yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 19 milyon 925,65 min manatdır, bu isə 2021-ci ilin 9 ayı ilə müqayisədə 39,9% çoxdur. Bankın faiz gəlirləri 80 milyon 969.45 min manat, qeyri-faiz gəlirləri 14 milyon 478.17 min manat, faiz xərcləri 16 milyon 825.83 min manat, qeyri-faiz xərcləri 44 milyon 542.80 min manat təşkil edib. Bank xüsusi ehtiyatlara 9 milyon 797.26 min manat ayırıb, dövlət büdcəsinə isə 4 milyon manat mənfəət vergisi ödəyib.
“XalqBank” fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə ölkənin 4-cü aparıcı bankıdır. Bankın səhmdarları üç hüquqi şəxsdir.