Kapital Bank bu ilin üç rübünü necə bağladı? - TƏHLİL
Aktivlərin həcminə görə ilk üçlükdə yer alan Kapital Bank-ın aktivləri 1 oktyabr 2022-ci il tarixinə 7,7 milyard manat təşkil edib. 2022-ci ilin yanvar-sentyabr aylarında “Kapital Bank” ASC aktivlərini 15,1% artıb.
Biznes kreditləri portfeli 31% artıb
30 sentyabr 2022-ci il tarixinə bankın kredit portfeli 3 milyard 234,143 milyon manata yüksəlib və bu ilin doqquz ayında artım 21,9% təşkil edir. Hesabat dövründə “Kapital Bank”ın istehlak kreditləşməsi üzrə portfeli 16,5% - 1 milyard 866,657 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 30,7% - 992,12 milyon manata qədər, daşınmaz əmlak ilə əməliyyatları 29% - 375,366 milyon manatadək artıb.
Bank ticarət və investisiya qiymətli kağızlarına qoyduğu sərmayəni 900 milyon manat artıraraq 2 milyarda yaxınlaşdırıb. Bankın 1 milyard 736 milyon manat həcmində nağd və bloklaşdırılmış vəsaiti mövcuddur.
Yığılmış mənfəət kapitalı artırır
Bankın cəmi öhdəlikləri 15,6% artaraq 7 milyard 5,39 milyon manat təşkil edir. Bunun 6 milyard 180,921 milyon manatı depozitlərdir və ötən yanvar-sentyabr aylarında həcmi 19% artıb. Ən çox fiziki şəxslərin əmanətlərində artım müşahidə edilib. Hazırda 65,3% artımla bu portfel 1 milyard 924,846 milyon manata yüksəlib.
Bankın kapitalı əldə etdiyi mənfəətlə bağlı 10,5% artaraq 716,073 milyon manat olub. Nizamnamə kapitalı dəyişməyərək 245,85 milyon manat təşkil edir. 30 sentyabr 2022-ci il tarixinə bankın ümumi bölüşdürülməmiş mənfəəti 420,379 milyon manatdır. Bankın 1 oktyabr 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 705 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.
Gəlirlər xərcləri üstələyəndə
Bu ilin yanvar-sentyabr aylarının sonuna bankın təmiz mənfəəti 210 milyon 609 min manatdır. Faiz gəlirləri 445 milyon 345 min manat, qeyri-faiz gəlirləri 287 milyon 475 min manat olub. Bank əsasən depozitlər üzrə formalaşan faiz xərclərinə 61 milyon 405 min manat xərcləyib. Yarı hissəsini əmək haqqı fondunun tutduğu qeyri-faiz xərclərinin həcmi isə 331 milyon 854 min manat olub. Nəticədə bankın əməliyyat mənfəəti 339 milyon 561 min manat həcmində formalaşıb. Bu vəsaitin 71 milyon 816 min manatı mümkün zərərlər üçün ehtiyata ayrılıb və 71 milyon 816 min manat həcmində isə mənfəət vergisi ödənilib. Nəticədə bankın təmiz qazancı 210 milyon 609 min manat olub.
Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.