Bank

Mərkəzi Bank: "Daha aşağı artım tempi mənfəət marjasının azalmasına səbəb oldu"

İlin birinci yarısının yekunlarına görə, Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 24-ü mənfəət əldə edib. 2022-ci ilin yanvar-iyun aylarında bankların ümumi mənfəəti 401 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin 6 ayı ilə müqayisədə 9,6% çoxdur.

Azərbaycan Mərkəzi Bankının təhlilinə görə, 6 ayın yekunları üzrə ümumilikdə 5 milyon manat zərərlə üzləşmiş iki banka gəlincə, onların bazar payı cəmi 0,87% təşkil edir.

Mənfəətlə işləyən 24 bankın xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 9.1% və ya 34 mln. manat artaraq 406 mln. manat olub.

Bununla yanaşı, Mərkəzi Bank qeyd edir ki, bankların aktivlərinin artım tempi onların mənfəətlərinin artım tempini üstələyir. Bu da öz növbəsində ROA-nın 2021-ci ildəki 2,2%-ə qarşı ilin birinci yarısında 2%-ə düşməsinə səbəb olub. Qeyd edək ki, 2019-cu ildən bəri bu, ən aşağı göstəricidir. 

Eyni zamanda, yanvar-iyun aylarında ROE göstəricisi 0,2 faiz bəndi artaraq - 15,3%-ə yüksəlib.

Mərkəzi Bankın məlumatına görə, bankların xalis mənfəətinin artmasına ilk növbədə faiz gəlirlərinin artması təsir edib. O cümlədən, 2022-ci ilin yanvar-iyun aylarında bankların xalis maliyyə gəlirləri 207 milyon manat (28,3 faiz), qeyri-faiz gəlirləri 115 milyon manat (27 faiz) olub.

Hesabat dövründə bankların faiz gəlirləri istehlak kreditləri və biznes kreditləri hesabına formalaşmışdır.

Cari dövrdə aktivlərin artmasına baxmayaraq ümumi gəlirlərin də müvafiq artımı nəticəsində aktiv dövriyyəsində cəmi 0.1 f.b. azalma baş vermişdir. Sektorun xalis mənfəətində müsbət dinamika müşahidə edilsə də, cəmi gəlirlərə münasibətdə daha aşağı artım tempi mənfəət marjasının azalmasına səbəb olub. Belə ki, 2022-ci ilin ilk yarımilində xalis mənfəət marjası ötən ilin eyni dövrü ilə müqayisədə 3.7 f.b. azalıb.

 

ENA.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)