Sosial iqtisadiyyat

Gələn il pensiyalar nə qədər artacaq?

İlin sonuna doğru yaxınlaşdıqca 2023-cü ildə pensiyaların nə qədər artacağı haqda məsələ aktuallaşır. Artıq bununla əlaqədar müxtəlif rəqəmlər də səsləndirilir.

Bəs, ümumiyyətlə, əmək pensiyaları hansı mexanizmlə artırılır? Yüksək pensiya artımı gözləməyə dəyərmi?

Azərbaycanda pensiyaların artımı dedikdə iki hal başa düşülür. Bunlardan biri minimum pensiya məbləğinin, digəri isə pensiyaların məbləğinin indeksləşdirilməklə artırılmasıdır.

Birinci halda artım ancaq əmək pensiyasının minimum həddinə şamil olunur. Sonuncu dəfə minimum pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunda edilən dəyişiliklə bu il artırılıb. Beləliklə, minimum pensiya məbləği 20 faiz artırılaraq 200 manatdan 240 manata yüksəldilib. Bu o deməkdir ki, ölkədə hazırda əmək pensiyasının məbləği minimum 240 manatdır.

Pensiyaların indeksləşdirilərək artırılması isə hər ilin əvvəlində həyata keçirilir. Məqsəd pensiya məbləğinin alıcılıq qabiliyyətinin təmin edilməsidir. Ölkə qanunvericiliyinə görə, hər ilin əvvəlində ölkə başçısının müvafiq Sərəncamı ilə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılır.

Hazırda yalnız xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyaları istisnalıq təşkil edir. Cari ildə bu qrupdan olan şəxslərin pensiyalarına 10 faiz nisbətində maddi yardım əlavə edilib. Qanunvericiliyə edilən dəyişikliklə gələn ildən onların pensiyalarının da əməkhaqqının illik artımına uyğun indeksləşdiriləcəyi gözlənilir.

Pensiyaların indeksləşdirilərək artırılması hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı orta aylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq reallaşdırılır. Yəni, əvvəlki il əməkhaqları nə qədər artıbsa, növbəti il bütün növ pensiyalar da o qədər artırılır. Məsələn, 2021-ci il orta aylıq əməkhaqqı artımı 3.4 faiz olduğundan bu il pensiyalar da bu qədər artırılıb. Bununla belə, ötənilki inflyasiya göstəricisi nəzərə alınaraq cari il ərzində pensiyaçılara 3.4 faizlik artımdan əlavə 200 manat maddi yardımın edilməsi nəzərdə tutulub. Növbəti il isə bu məbləğ hər ay 16.7 manat (200/12 ay) olmaqla pensiyalara əlavə ediləcək. İndeksləşmə də bu məbləğin əlavə ediləndən sonra alınan göstəriciyə tətbiq ediləcək.

2021-ci ildə əməkhaqlarındakı artıma uyğun olaraq pensiyalar 11.4 faiz artırılmışdı. Eyni zamanda, 2020-ci ilin əvvəlində əmək pensiyaları indeksləşdirilərək 16.6 faiz artırılıb. Bu, son illərdə qeydə alınan ən yüksək göstəricidir. Eyni zamanda, 2018-ci ildə 5.7 faiz, 2019-cu ildə isə 3 faiz artım olub.

Bu baxımdan gələn il pensiyaların nə qədər artacağı da bu ilin yekununda əməkhaqlarının artım göstəricisindən asılıdır. DSK-nın məlumatına görə, bu ilin yanvar-avqust aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.3 faiz artıb. İlin sonuna qədər bu göstəricidə ciddi dəyişikliyin olmayacağını nəzərə alsaq, 2022-ci il üzrə əməkhaqlarının 14 faiz səviyyəsində artacağını ehtimal etmək olar. Belə olan halda gələn il pensiyaların 14 faiz səviyyəsində artacağını demək mümkündür. Nəticədə cari ildə aylıq 250 manat pensiya və hər rüb 50 manat (illik 200 manat) maddi yardım alan şəxsin pensiyası gələn il 37.3 manat artaraq 304 manat  təşkil edəcək. 

Həmçinin xüsusi şərtlərlə pensiya alanların cari ildə aldığı aylıq pensiya və bu məbləğin 10 faizi həddində maddi yardımın toplanaraq indeksləşdiriləcəyi gözlənilir. Misal üçün, bu il əməkhaqlarının orta hesabla 14 faiz artacağı təqdirdə, cari ildə aylıq 700 manat pensiya və onun 10 faizi məbləğində maddi yardım alan belə kateqoriyadan olan şəxsin pensiyası gələn il 107.8 manat artaraq 877.8 manat təşkil edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)