MALİYYƏ

Gömrüyün büdcəyə ödənişləri azaldı

Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 180 milyon 983,6 min manat məbləğində vergi və rüsum daxil olub.

DGK-nın statistik məlumatlarına əsasən,bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 44 milyon 396 min manat və yaxud 19,7% azdır.

Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 18 milyon 201,2 min manat və yaxud 24,6% azalaraq 55 milyon 704 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 15 milyon 841,2 min manat və yaxid 11,92% azalaraq 117 milyon 9 min manat, aksizlər 11 milyon 44,3 min manata və ya 3,39 dəfə azalaraq 4 milyon 630,4 min manat təşkil edib.

Ötən ilin son ayında yol vergisi üzrə daxilolmalar isə 690,7 min manat və ya 23,4% artaraq 3 milyon 640,2 min manat təşkil edib.

Xatırladaq ki, 2018-ci il ərzində DGK xətti ilə büdcə daxilolmaları 3 milyard 434 milyon 62 min. manat təşkil edib. Bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 825 milyon 282,39 min manat və yaxud 31,6% çoxdur.

Ötən il ərzində gömrük rüsumları üzrə daxilolmalar 176 milyon 276,46 min manat və yaxud 25% artaraq 883 milyon 150,80 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 567 milyon 594,76 min manat və yaxud 32% artaraq 2 milyard 340 milyon 784,50 min manat, aksizlər üzrə daxilolmalar 76 milyon 41,5 min manat və yaxud 81% artaraq 169 milyon 964,9 min manat, yol vergisi üzrə daxilolmalar isə 5 milyon 369,67 min manat və yaxud 15,4% artaraq 40  milyon 161,80 min manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)