Türk Dövlətləri Təşkilatı birgə FOND YARADIR
Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçiriləcək sammitində birgə investisiya Fondunun yaradılması təsdiqlənəcək.
ENA.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev bildirib.
TDT-nin sammiti noyabrın 11-də Səmərqənddə keçiriləcək.
"Biz Türk İnvestisiya Fondunun yaradılması üzrə işi başa çatdırdıq, bu məsələ sammitdə təsdiqlənəcək və işə salınacaq. Bu, iqtisadi inteqrasiyamız sahəsində irəliyə doğru böyük addımdır", - Amreyev “Özbəkistan 24” telekanalına müsahibəsində deyib.
Baş katib bildirib ki, sammit iştirakçıları həmçinin nəqliyyat dəhlizləri, gömrük prosedurlarının sadələşdirilməsi, güzəştli ticarətlə bağlı bir sıra sənədlər imzalayacaqlar.
"Biz xidmət və investisiya sektorlarında azad ticarət rejiminin yaradılması üçün səylər göstəririk", - B.Amreyev vurğulayıb
2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adını dəyişdirərək Türk Dövlətləri Təşkilatı edib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daimi, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində təmsil olunur.