Birja

Neft birjalarındakı bugünki qiymət

Neft qiymətləri OPEC+-ın hasilat kvotalarını azaltmaq qərarı ilə bir gün əvvəl baş verən əhəmiyyətli artımdan sonra bugün səhər demək olar ki, dəyişməyib.

Londonun ICE Futures birjasında bugün saat 9:10-a olan Brent markalı neftin dekabr fyuçerslərinin dəyəri bir barel üçün 93,38 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,01 dollar (0,01%) çoxdur. Çərşənbə günü ticarət nəticəsində bu kontraktlar 1,57 dollar (1,7%) bahalaşaraq 93,37 dollar/barel olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında noyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 87,80 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,04 dollar (0,05%) çoxdur. Son sessiyanın sonuna bu müqavilələrin dəyəri 1,24 dollar (1,4%) artaraq 87,76 dollar/barel təşkil edib.

OPEC+ ölkələrinin nazirləri çərşənbə günü keçirilən iclasda noyabrda neft hasilatının kvotalarını sutkada 2 milyon barel azaltmaq qərarına gəliblər.

S&P Global Commodity Insights-ın analitiki Şin Kim qeydində yazıb: "Kvota azaldılması əhəmiyyətlidir və Səudiyyə Ərəbistanı və bütövlükdə alyansın neft bazarlarını sabitləşdirməyə və dəstəkləməyə sadiq olduğuna dair aydın siqnaldır".

Bu arada, analitiklər qeyd edirlər ki, hasilatın faktiki azalması daha kiçik olacaq, çünki OPEC+ avqust ayı üzrə icazə verilən maksimum hasilat səviyyəsindən təxminən 3,6 milyon barel geridə qalıb. Ümumi azalmanın təqribən 1,2 milyon barel/gün OPEK ölkələrinin, 2,4 milyonu isə kartelin tərəfdaş ölkələrinin payına düşür.

Bundan əlavə, bazar iştirakçıları yanacaq ehtiyatları haqqında məlumatları qiymətləndirirlər. Çərşənbə günü məlum olduğu kimi, ABŞ-ın kommersiya neft ehtiyatları ötən həftə 1,36 milyon barel azalıb, analitiklər isə 1,8 milyon barel artım proqnozlaşdırmışdılar.

Benzinin ehtiyatları 4,73 milyon barel, distillat ehtiyatları isə 3,44 milyon barel azalıb. Mütəxəssislər benzin ehtiyatlarının 1,1 milyon barel, distillat ehtiyatlarının isə 1,5 milyon barel azalacağını gözləyirdilər.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)