Adları Azərbaycan dilinə tərcümə olunmayan malların geri qaytarılmasına başlanılıb
Üzərindəki etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkə ərazisinə buraxılmaması və idxalçı ölkəyə geri qaytarılmasının tətbiqinə başlanılıb.
ENA.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
AQTA-dan bildirilir ki, hələ də qida məhsullarının üzərindəki etiket məlumatları və adların Azərbaycan dilinə tərcüməsi ilə bağlı bəzi sahibkarlıq subyektləri tərəfindən ciddi qayda pozuntularına yol verildiyi aşkar olunmaqdadır. Bu da öz növbəsində “Yeyinti məhsulları haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini pozmaqla yanaşı, istehlakçıların məhsul haqqında dolğun məlumat ala bilməməsinə səbəb olur. Həmin məhsulların saxlanılması və ya istifadəsi ilə bağlı qaydalara əməl olunmaması isə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.