Banklar hansı sahələrə daha çox kredit verib? Problemli borclar azalır
Azərbaycanın banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 2022-ci ilin yanvar-avqust aylarında 11,8% artaraq 19 milyard 136,8 milyon manata çatıb. Avqustda bankların kredit portfeli 0,8% və ya 151,2 milyon manat artıb.
Avqustun sonuna vaxtı keçmiş kreditlərin həcmi 659,7 milyon manat olub ki, bu hesabat dövründə 8,3% azalma deməkdir. Bu isə bütün kreditlərin 3,4%-ini təşkil edir. Xatırladaq ki, 2021-ci ilin sonuna bu rəqəm 4,2% idi.
31 avqust 2022-ci il tarixinə dövlət payı olan banklar 3 milyard 809,9 milyon manat (artım 14,3 faiz) və ya bütün kreditlərin 19,9 faizidir. Özəl banklar 14 milyard 828,8 milyon manat (artım 11 faiz) kredit verib və bu bütün kreditlərin 77,5%-idir. Yerdə qalan 498,2 milyon manat (artım 8,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Avqustun sonuna verilən kreditlərin ümumi həcminin 14 milyard 901,6 milyon manatı (artım 17,4 faiz) milli valyutada, 4 milyard 235,3 milyon manatı (azalma 4,3 faiz) xarici valyutada olub. Eyni zamanda, avqustun sonunda xarici valyutada olan kreditlərin xüsusi çəkisi 22,1% (2021-ci ilin sonunda - 25,8%) təşkil edir.
Bankların kredit qoyuluşlarının strukturunda ticarət və xidmət sektoru üzrə 3 milyard 131,8 milyon manat (bütün kreditlərin 16,4 faizi), mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı 608,9 milyon manat (3,2 faiz), kənd/meşə və balıqçılıq - 598,8 milyon manat (3,1%), tikinti və daşınmaz əmlak - 1 milyard 192,5 milyon manat (6,2%), sənaye və emal sektorunda - 1 milyard 71,8 milyon manat (5,6%), nəqliyyat və rabitə - 759,1 milyon manat (4%), ev təsərrüfatları üçün - 10 milyard 328,2 milyon manat (54%), qalanı isə digər sahələr üzrədir. Eyni zamanda, bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli yanvar-avqust aylarında 20% artıb (avqustda artım 2,2% və ya 219,5 mln. manat olub).