Bank

Bank sektorunun 8 aylıq performansı - RƏQƏMLƏR

Azərbaycanda fəaliyyətdə olan bankların bu il sentyabrın 1-nə cəmi aktivləri 42,404.4 mln. manat təşkil edir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 26,9 % çoxdur. Təkcə bu ilin avqust ayında bankların cəmi aktivləri 2% artıb. Bankların kredit portfeli avqust ayında 0.8% (151.2 mln. manat) artaraq 18,638.6 mln. manat olmuşdur. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.3% (10,492 mln. manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 8 ayında bankların kredit portfeli 11.9% və ya 1,979.5 mln. manat artmışdır. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.4% təşkil edib. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.8 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalıb.

31 avqust 2022-ci il tarixinə fəaliyyət göstərən 26 bankın cəmi öhdəlikləri 37,137.9 mln. manat, balans kapitalı 5,266.5 mln. manat olub. Avqust ayında cəmi öhdəlikləri 1.9% və balans kapitalı müvafiq olaraq 2.5% artıb.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82%-i və ya 30,437.2 mln. manat. Depozit portfeli avqust ayında 2.8% (836.7 mln. manat) artıb. Depozit portfelinin 65.1%-ni hüquqi şəxslərin depozitləri, 34.9%-ni fiziki şəxslərin depozitləri (əmanətlər) təşkil edir.

Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 0.3% (26.5 mln. manat) artaraq 10,632 mln. manat olub. Əmanət portfelinin 55.3%-i (5,888 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,402 mln. manat olmaqla (ay ərzində artım 4.8% və ya 799.2 mln. manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (19,805.2 mln. manat) 87.9%-ni tutur. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında əvvəlki aya nəzərən 0.2 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 5 faiz bəndi azalaraq 39.7%-dir.

2022-ci ilin 8 ayında banklar 589.4 mln. manat xalis mənfəət, 849.9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,5 % çoxdur.İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 135.8 mln. manat məbləğində mənfəət vergisi ödənib ki, bu ötən ilin müvafiq dövri ilə müqayisədə 65.8% və ya 53.9 mln. manat daha çoxdur.

ENA.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)