“Mir qapısı” bağlandı. Ruslar kart açdırmaq üçün qonşu ölkələrə axışırlar, bu siyahıda Azərbaycan da varmı?
“Mir qapısı” bağlanır. Artıq Türkiyə bankları da "Mir" ödəmə sistemindən istifadədən imtina etdi, Ermənistanın iki bankına sanksiyalar tətbiq edilib. İndi yeni bir çıxış yolu tapılıb. Ruslar kütləvi şəkildə xarici ölkə banklarında kart hesabı açdırırlar, artıq Rusiyada "kart turizmi" adı altında yeni xidmət yaranıb.
Kart almaq üçün "Kart turizmi"
“Kommersant” qəzeti yazır ki, rusların VISA və Mastercard almaq üçün Özbəkistan, Qazaxıstan, Ermənistan, Gürcüstan və Türkiyə kimi ölkələrə səfərləri artıb. Bu səfərlər sırasında Azərbaycan da var, lakin Azərbaycana məhz “kart turizmi” üçün gələnlərin sayı həddən artıq azdır. Səbəbini izah edəcəyik.
B2B.Ostrovok.ru platformasının sorğusunda iştirak edən tur şirkətlərinin 53%-i müştərilərdən “kart turu” təşkil etmək üçün müraciət aldığını bildirib. Şirkət nümayəndələrinin 35 faizi artıq bu cür tur təşkil etdiklərini bildirib. Kartların verilməsi üçün ən çox ziyarət edilən ölkələrin sırasına isə 48 faizlə Özbəkistan və 45 faizlə Qazaxıstan başçılıq edir.
Bloklanma riski
Özbəkistanın tur şirkətləri artıq bununla bağlı xüsusi reklam kampaniyaları da başlayıblar. Ruslara 3 gün ərzində kart açacaqlarını və bunun müqabilində Özbəkistana bir həftəlik səyahət təklif edirlər.
Turkrus.com-un verdiyi xəbərə görə, Türkiyənin “bu bazarda” payı 21%-dir. “Kommersant”a danışan bəzi turizm sənayesi nümayəndələri “kart turizmi”nin gələcəyinə şübhə ilə yanaşırlar. Rusiya Tur Sənayesi Dərnəyindən Dmitri Gorin, Türkiyənin ildə ən az 4 milyon rus turisti qəbul etdiyini, lakin kart turizminin baş verməsi üçün türk banklarının rus turistlərə kart verməyə hazır olmasının lazım gəldiyini söyləyib.
Debet kartları sahəsi üzrə ekspert Roman Proxorov Rusiya vətəndaşlarının gələcəkdə açdıqları hesabların ikinci dərəcəli sanksiyalardan yayınmaq istəyən banklar tərəfindən bloklanması riskinin olduğunu vurğulayır.
Və əslində bu kifayət qədər böyük riskdir, həm debet kartı açdıran, həm də onu açan bank üçün.
Azərbaycan şərtləri
Qayıdaq, Azərbaycan banklarında rusların kart hesabları açması imkanlarına və bu prosesin qonşu ölkələrlə müqayisəsinə. Rusların xarici ölkələrdə hesablar açdırması üzrə rəqəmlərdə payımızın az olmasına səbəb ilk növbədə ölkəmizin bank qanunvericiliyidir. Belə ki, qonşu Gürcüstanda istənilən xarici vətəndaş birhəftə ərzində kart hesabı açdıra bilər və bu ölkənin bankları bunu çox asanlıqla həyata keçirirlər. Azərbaycanda isə bu mümkün deyil və şərtlər mövcuddur:
- Ruslar Gürcüstana və Ermənistana, eləcədə də Özbəkistan və Qazaxıstana şəxsiyyət vəsiqəsilə səfər edə bilirlər. Azərbaycana isə yalnız ümumvətəndaşlıq pasportu ilə gələ bilərlər. Hesab açdırmaq üçün də məhz xarici paspoertlarını təqdim etməlidirlər.
- Azərbaycan banklarında qeyri-rezidentlərə kart hesabı açmaq üçün ən azı 30 gündən artıq Azərbaycanda müvəqqəti məskunlaşma sənədi təqdim etməlidirlər. Bu sənədi isə Miqrasiya Xidməti verir.
- Qeyri-rezidentlər, o cümlədən Rusiya vətəndaşı üçün hesab açılarkən Çirkli pulların dövriyyəsinə nəzarətlə bağlı ciddi yoxlamalar da aparılır.
Qeyd edək ki, Azərbaycanda "Mir" kartlarından istifadə ilə bağlı Mərkəzi Bankla danışıqlar tam yekunlaşmadan artıq bu sistemlə bağlı ciddi təhlükələr yaranıb. Buna görə də tənzimləyicinin indiyə qədər göstərdiyi ehtiyatlı davranışını ölkə banklarını qorumaq baxımından yüksək qiymətləndirmək olar.
Eyni zamanda, bank sektorundan olan qeyri-rəsmi məlumatlara görə, Rusiya vətəndaşlarına bank hesablarını açmaqda Azərbaycan bankları maraqlı deyillər və mümkün versiyalarla belə hesabların açılmasından imtina edirlər.