Sosial iqtisadiyyat

Türkdilli dövlətlərin ticarət dövriyyəsi 536 milyard dolları ötüb

Bu ilin yanvar-iyun aylarında Türkdilli dövlətlərin ÜDM-i 1138.48 mlrd. ABŞ dolları, ticarət dövriyyəsi isə 536.08 mlrd. dollar təşkil edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu rəqəmlər “Türk iqtisadi icmalı”nın Türk Dövlətləri Təşkilatı üzvlərinə ümumi baxış statistikasında əks olunub.

Hesabatda bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin ilk altı ayında Türkiyə iqtisadiyyatı 7.6%, Azərbaycan – 6.2%, Özbəkistan – 5.4%, Qırğızıstan – 6.3%, Qazaxıstan iqtisadiyyatı isə 3.4% böyüyüb. Dövlət büdcəsinin artımı baxımından ən yaxşı göstərici 100.6%-lə Türkiyədədir. Türkiyənin dövlət büdcəsinin gəlirləri 75 955 mlrd. dollar olub. Xarici ticarətdə ən yüksək saldoya Azərbaycan (ticarət balansı 13 171.6 mln. dollar) və Qazaxıstan (20 788.8 mln. dollar) malikdir.

İlin ilk altı ayı ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir.

Qeyd edək ki, “Türk iqtisadi icmalı”nın ikinci bölməsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın 2022-ci ilin birinci yarısı üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)