MALİYYƏ

Samir Şərifov ADB-nin baş iqtisadçısı ilə görüşüb

Maliyyə naziri, Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının üzvü Samir Şərifov ölkəmizdə səfərdə olan bankın baş iqtisadçısı Albert Parkla görüşüb.

ENA.az  nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ADB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, o cümlədən bankın ənənəvi olaraq hər il hazırladığı “Asiyanın İnkişafına Baxış” sənədi, habelə gələn il hazırlanacaq, 2024-2028-ci illəri əhatə edəcək Azərbaycanla ADB arasında tərəfdaşlıq strategiyasının əsas istiqamətləri üzrə müzakirələr aparılıb.

S.Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər, 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhər və kəndlərin dirçəldilməsi, Böyük Qayıdış üçün zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə geniş məlumat verib, hökumətin ölkə iqtisadiyyatının inkişaf hədəflərinə nail olmaq üçün həyata keçirdiyi mühüm layihələrdə AİB-in göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib. Nazir Rusiya-Ukrayna müharibəsinin enerji və ərzaq bazarlarında yaratdığı çətinliklərin və yüksək inflyasiya təhdidlərinin ölkəmizə də təsirsiz ötüşmədiyini diqqətə çatdırıb.

Öz növbəsində A.Park Azərbaycanla AİB arasında uzunmüddətli və strateji əməkdaşlıqdan məmnunluq ifadə edərək yaranmış qlobal iqtisadi təhdidlərlə mübarizə şəraitində Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurla davam etdirildiyini və qurumun bundan sonra da Azərbaycanla əməkdaşlığı genişləndirməyə, ölkənin iqtisadi inkişaf prioritetlərini dəstəkləməyə hazır olduğunu bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department