Dollar bahalaşdı, neft ucuzlaşdı
Bugün neft qiymətləri yenə ucuzlaşır. Londonun ICE Futures birjasında çərşənbə günü saat 9:18-ə olan Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri bir barel üçün 92,58 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,59 dollar (0,63%) aşağıdır. Çərşənbə axşamı ticarət nəticəsində bu kontraktlar 0,83 dollar (0,9%) azalaraq 93,17 dollar/barel olub.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 86,75 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,56 dollar (0,64%) aşağıdır.
Avqust ayı üçün ABŞ-ın inflyasiya göstəricilərinin açıqlanmasından sonra neft bazarı təzyiq altındadır ki, bu da dolların bahalaşmasına səbəb olub və neft almaq üçün digər valyutalardan istifadə edən bir çox treyderlər üçün sərfəli deyil.
ABŞ-da istehlak qiymətləri (CPI indeksi) avqustda illik ifadədə 8,3% artıb, ölkənin Əmək Departamentinin məlumatı göstərib. İnflyasiya iyulda 8,5%-lə müqayisədə yavaşlasa da, Bloomberg-in sorğusuna qatılan analitiklərin gözlədiyi 8,1%-dən yüksək olub. Bu məlumatlar bazarın FED-in sentyabr iclasında uçot dərəcəsini daha da artıracağı ilə bağlı gözləntilərini gücləndirdi.
"Neft bazarına təsir edən bir çox başqa amillər var, o cümlədən Çindəki karantin, Ukraynada davam edən müharibə, Avropada artan böhran və çox bahalı dollar. Bununla belə, gələn həftəyə qədər FED-in iclası və monetar sərtləşdirmə gözləntiləri çox güman ki, enerji və digər maliyyə bazarlarında dominant olaraq qalacaq”, - Sevens Report Research-in redaktoru Tyler Ritchie bildirib.
Morgan Stanley analitikləri tələblə bağlı narahatlıqları əsas gətirərək qısamüddətli neft qiymətləri ilə bağlı proqnozları aşağı salıblar. İndi onlar dördüncü rübdə Brent-in orta hesabla 100 dollar/barelə yox, 95 dollar/barel olacağını gözləyirlər. WTI üçün proqnoz 97,50 dollardan 91 dollar/barelə endirilib. Buna baxmayaraq, bank ekspertləri neft bazarının 2023-cü ilin ikinci rübündən etibarən yenidən güclənəcəyini proqnozlaşdırırlar.