Türkiyədən Rusiyaya ixrac rekord səviyyəyə çatıb
Bu ilin avqustunda Türkiyədən Rusiyaya ixracın həcmi 738 527 min dollar olmaqla tarixi rekorda yüksəlib.
Məlumatı “Haberturk” yayıb.
Bildirilib ki, Türkiyə davam edən geosiyasi risklərə baxmayaraq, Rusiya ilə də güclü ixrac göstəricilərini qoruyub saxlayır. Məlumata görə, avqust ayında Rusiyanın Türkiyədən idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 344 053 min dollar artıb.
Türkiyə İxracatçılar Məclisinin hesabatına əsasən, ölkənin ixracı avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13.1 faiz artaraq 21 milyard 340 milyon dollara yüksəlib. Məlumata görə, ən çox məhsul ixrac edilən ilk beş ölkə bunlardır: Almaniya (1 milyard 504 milyon dollar), ABŞ (1 milyard 308 milyon dollar), Böyük Britaniya (1 milyard 40 milyon dollar), İraq (934 milyon 807 min dollar), İtaliya (819 milyon 286 dollar).